Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi — antiinhisar nəzarəti, haqsız rəqabət, açıq məkan istisna olmaqla reklam qanunvericiliyinə nəzarət, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturu, o cümlədən standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələrində dövlət tənzimlənməsini həyata keçirən qurumdur.
== Haqqında ==
Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il 3 nömrəli fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılıb. Həmin ilin avqustunda Komitənin Əsasnaməsi təsdiq olunub.
1992-ci ildə bazar iqtisadiyyatına keçidlə bağlı mühüm əhəmiyyəti olan "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ölkə başçısı tərəfindən "İnhisarçı müəssisələrin və birliklərin məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında" fərman imzalanıb.
2001-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hüquqi şəxs statusunda İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edilərək Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib.
2001–2006-cı illər ərzində Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və normativ sənədləri ilə Departamentin vəzifə və səlahiyyətləri xeyli dərəcədə genişlənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə aid edilib.
Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmanla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb.